Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elmar müəllim, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında vermiş olduğu birlik mesajlarına reaksiyalar birmənalı deyil. Hindistan kimi ölkələr ciddi narahatlıq keçirir və vətəndaşlarına bu ölkələrə getməmək çağırış edib. Dehlinin bu narahatlığına səbəb nədir?
- Bu ilk növbədə Pakistanla Hindistan arasında uzun on illiklərdir davam edən gərginliklə bağlıdır. Bu yaxınlarda iki ölkə arasındaqa qısa müddətli olsa da, hərbi eskalasiya baş verdi. Digər tərəfdən Pakistan Azərbaycan və Türkiyə ilə sıx əlaqələrə malikdir. Sözsüz ki, Hindistan da rəqibinə bu iki ölkə tərəfindən verilən siyasi dəstəkdən narahat olur. Amma bu məsələdə dərin problemlərin yaranacağı ehtimalı azdır. Çünki Hindistan şirkəti Azərbaycanla enerji məsələlərində əməkdaşlıq edir. “Azəri-Çıraq” yatağında Hindistan şirkəti paya sahibdir. Faktiki olaraq bu gün Azərbaycandan Hindistana neft ixrac edilir. Ona görə də siyasətlə iqtisadiyyatı müqayisə etdikdə iqtisadiyyat üstün gələcək.
- ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi Rusiyanın yeni Cənubi Qafqaz siyasəti ilə bağlı hesabat dərc edib. Kremlin bölgə ilə bağlı təsir imkanlarını gücləndirmək üçün hərəkətə keçəcəyi iddia edilir...
- Rusiya bu bölgədə böyük dövlətlərdən biridir. Burada da ilk növbədə iqtisadi maraqları önə çəkmək lazım olacaq. Regional kommunikasiya xəttlərinin işə düşməsi, Zəngəzur dəhlizinin açılmasında Moskva da maraqlıdır. Eyni zamanda Rusiya ilə İran arasında yeni dəmir yolu çəkilir. Rəşt-Astara dəmir yolu xətti ilə Rusiya özü üçün lazım olan malları tədarük etmək niyyətindədir. Ona görə də Kremlin Cənubi Qafqazda siyasi maraqları ilə yanaşı, iqtisadi hədəfləri daha çoxdur.
- Zəngəzur dəhlizini bir çox ölkələrin öz iqtisadi maraqları naminə blokladığı iddia edilir. Bunun fonunda Araz dəhlizinin əhəmiyyəti daha çox qabardılır. Bu nə ilə bağlıdır?
- Bu dəhliz ilk olaraq region ölkələri üçün cəlbedicidir. İran bu məsələdə öz ərazisindən keçən Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Araz dəhlizinin işə düşməsində maraqlıdır. Amma bu, heç də Zəngəzur dəhlizinə alternativ deyil. Əslində, Ermənistan özünün gəlirlərini artırmaq istəyirsə, dəhlizin açılmasına razı olmalıdır. Beləliklə, Mehridən keçən Zəngəzur dəhlizi açılmalıdır. Onların niyyəti olsa idi, artıq bu işi çoxdan layihələndirə bilərdilər. Bunun üçün ilk növbədə sərmayə lazım olacaq. Hətta bir neçə il öncə Avropa İttifaqı kommunikasiya xəttlərinin açılması üçün sərmayə qoymağa hazır oluğunu bəyan etmişdi. O vaxdan bu məsələ gündəmdən çıxarıldı. İndi İrəvanda bu məsələ ilə bağlı nə fikirləşdiklərini yalnız özləri bilir. Bu vaxta qədər isə Azərbaycan Araz çayı üzərindən keçməklə İran ərazisindən Naxçıvana çıxış əldə edir. İran öz ərazisindən bu cür tranzit imkanlarının daha geniş olmasında maraqlıdır ki, bundan fayda götürsün.
- Azərbaycan səfərindən qayıdarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin sualına cavab olaraq Zəngəzur dəhlizinin açılması amilində İran faktoruna vurğu edib. Bunu Ankaranın Tehrana mesajı kimi səciyyələndirənlər də az deyil...
- Bu ilk növbədə geopolitik amillərlə bağlıdır. Əslində, bu, yumşaq güc amilidir. İqtisadiyyatın təsiri, kommunikasiya xətləri və digər bu istiqamətdə olan faktorlar yumşaq güc amili hesab edilir. Ona görə də bu yumşaq güc amili kimi Azərbaycan, Türkiyə və Rusiya da Zəngəzur dəhlizinin açılmasına böyük maraq göstərir.