İstanbulda Ukrayna-Rusiya danışıqlarının növbəti raundunu keçirildi. Birinci raund da Türkiyədə keçirilmiş və müəyyən irəliləyişlər olmuşdu. Hazırkı görüşlər regionda sülhün bərqərar olması üçün vacib addım kimi qiymətləndirilir. Lakin münaqişənin mürəkkəbliyi və tərəflərin mövqelərindəki kəskin fərqlər narahatlıq yaradır.
İstanbul formatı Ukrayna və Rusiya üçün nə vəd edir? Bu danışıqların nəticələri bölgənin gələcəyinə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Ukraynanın sülh danışıqlarında qarşı tərəfə təqdim etdiyi əsas tələblər artıq bəllidir:
“Ukrayna tərəfi 2014-cü il sərhədlərinin tanınmasını, işğal olunmuş ərazilərin beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz elan edilməsini, davamlı atəşkəsin əldə olunmasını və bu atəşkəsə beynəlxalq güclər tərəfindən nəzarət olunmasını tələb edir. Həmçinin təhlükəsizlik təminatlarının verilməsi və hərbi əsirlərin tam şəkildə dəyişdirilməsi də Ukraynanın tələbləri sırasındadır. Aİ və NATO-ya üzvlük məsələsi də gündəmdədir. Təbii ki, bu tələblərin Rusiya tərəfindən qəbul ediləcəyi real görünmür. Çünki Rusiya müharibəyə başlamaq üçün əsas səbəb kimi məhz Ukraynanın NATO-ya inteqrasiyasını göstərirdi. Hazırda isə Kremlin konkret tələbləri ictimaiyyətə açıqlanmayıb.

Elşad Həsənov
İkinci görüşdən böyük nəticələr gözlənilmir. Birinci raund zamanı təxminən 1000-1000 əsir mübadiləsi baş tutdu. Bu gün keçirilən görüşdə tərəflər atəşkəsin əldə olunmasına səy göstərə bilərlər. Əslində, Ukrayna əvvəldən atəşkəsə razı idi, lakin Rusiya hücumlarını daha da intensivləşdirdi. Rəsmi Kiyev isə cavab olaraq dünən məlum hərbi əməliyyatı həyata keçirdi. Xarici KİV-in məlumatına görə, bu hücum nəticəsində 41 qırıcı təyyarə məhv edilib və Rusiyaya 7 milyard dollarlıq ziyan dəyib.
Rusiyanın resursları tükənmək üzrədir. ABŞ Prezidenti Donald Tramp da artıq Moskvadan uzaqlaşmaqda davam edir. Əgər atəşkəs əldə olunmasa, ABŞ Kremlə qarşı sarsıdıcı sanksiyalar tətbiq edəcək. Bu isə Rusiyanın iqtisadi və siyasi cəhətdən çökməsi ilə nəticələnə bilər. Ona görə də bu görüş həm Ukrayna, həm də Rusiya üçün böyük əhəmiyyət daşıyır”.


















































